Redaktordan... APFM səhifəsi…İqtisadi xəbərlər…Kəlamlar…Ziyalı baxışı…Müsabiqə…Təqdimat…Maraqlı həyat…Peşəkar mütəxəssis…Azərbaycan…Elmə gəncin gözü ilə…Tanınmış həmkarlar…İFRS əslində asan imiş…Vergi sistemləri…Maliyyəni ram edək…Bilməyə dəyər…Audit standartları…İbrətamiz hekayələr…Lətifələr…Bank hesabatı…Krossvord…Elanlar və anonslar
 
 
 
 

 

Əziz oxucularımız!

Məşhur sovet kinofilmindən bu cümləni çoxları xatırlayar: “Gələcək televiziyanındır”. Bu kəlməni deyən kino qəhrəmanı yaşadığı mühitin yaxın gələcəkdə kəskin şəkildə dəyişəcəyini bilsəydi mütləq fikrini dəyişərdi, “Gələcək maliyyənindir” düşünərdi. Əlbəttə, bu fikri mənimlə bölüşməyənlər də tapıla bilər, lakin onu heç kim inkar edə bilməz: maliyyə - həyatımızın əvəzedilməz amilidir.

Müasir zəmanənin tələblərinə tab gətirmək istəyən hər bir kəs peşəsindən asılı olmayaraq ətrafında olan maliyyə axınını (ən azı aldığı və xərclədiyi pul vəsaitini) idarə etməyi bacarmalıdır. Bu baxımdan diqqətinizə təqdim etdiyimiz jurnalın maliyyə peşələrinin sahibləri ilə yanaşı, digərlərinə də faydalı olmasına ümid edirəm.

Jurnal Professional Maliyyə Menecerləri Assosiasiyası APFM (Association of Professional Financial Managers) tərəfindən təsis edilib. APFM və onun fəaliyyəti ilə jurnalımızın xüsusi rubrikasında (“APFM səhifəsi”) tanış ola bilərsiniz.

Jurnalımızın əsas hissəsini maliyyə mövzuları təşkil edir. Burada aktual iqtisadi xəbərlərin müzakirəsi ilə birgə maliyyə menecmentinin və mühasibat uçotunun tədrisinə həsr olunmuş rubrikalara rast gəlmək olar.

Təcrübəli elm ziyalıları - “Ziyalı baxışı” rubrikasında, maliyyə sahəsində yeni addımlarını atan gənc mütəxəssislər isə fikirlərini Sizinlə, “Elmə gəncin gözü ilə” rubrikasında bölüşəcək. Maliyyə-iqtisad sahəsində çalışan ziyalılarımızı, tələbə və mütəxəssislərimizi bu rubrikaların təşkilində yaxından iştirak etməyə dəvət edirik.

Respublikamızda fəaliyyət göstərən müəssisələrin tanınmasında “Təqdimat” rubrikasının özünə məxsus rolu var. Burada həm istehsal olunan məhsullar, həm də müəssisənin idarəçilik təcrübəsindən bəhs olunacaq.

“Maraqlı həyat” rubrikasında maliyyə baxımından uğur qazanmış insanların həyat yolundan danışılır. Məqsədimiz bu cür insanların işgüzarlığını, mənfəət əldə etmə bacarıqlarını və digər xüsusiyyətlərini azda olsa təhlil etməkdir. Çoxları üçün bu maraqlı ola bilər.

“Azərbaycan haqqında ...” rubrikasını əminliklə jurnalımızın incisi hesab etmək olar. Burada Vətənimizin hər bir guşəsi haqqında ətraflı müzakirələr aparılacaq, onun tarixi, mədəniyyəti, turizm baxımından perspektivli yerlərindən məlumatlar veriləcək. Jurnalın hər bir nömrəsi bu və ya digər bölgəyə həsr olunacaq. Bu rubrikanı Sizinlə birgə aparacağıq. Burada bölgələrimizin ziyalıları, tanınmış adamları öz doğulduğu torpaqlarından maraqlı, indiyədək məlum olmayan hadisələri, ənənələri, tarixi inciləri haqqında oxuculara danışacaqlar.

Jurnalımızda müxtəlif əyləncəli mövzulara da yer ayırmışıq. Burada Siz krossvord, riyazi misallar üzərində qurulmuş oyunlar, psixoloji testlər, maraqlı qeydləri görə bilərsiniz.

Ümid edirəm ki, jurnalımız Sizin zövqünüzə uyğun olacaq.

 

Hörmətlə

Ramil Xeybər oğlu Bağırov

Baş redaktor